İyunun 9-da
Xocalı İcra Hakimiyyətinin Akt zalında rayonun ictimai-siyasi həyatında fəallıq
göstərən təhsil işçiləri ilə görüş keçirildi. Görüşdə Xocalı rayon İHB-nın müavini,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxış
edərək 44 günlük Vətən
müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Ordumuzun
hünəri və xalqımızın həmrəyliyi sayəsində əldə etdiyimiz şanlı qələbədən söz
açdı. Bildirdi ki, Cənab Prezidentimiz Vətən müharibəsi zamanı informasiya
müharibəsində də qalib oldu. Dövlətimizin haqlı mövqeyini dünyaya çatdıran Cənab
Prezident qırx dörd gün davam edən müharibə dövründə 11 ölkənin 26 KİV-nə
müsahibələr vermişdir. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və
siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi. Bütün
bunlar həm döyüşən əsgərlərimizə, həm də arxa cəbhədə misilsiz əməyi olan xalqımıza
böyük mənəvi ruh verdi.Lamiyə Qarayeva çıxışında
vurğuladı ki, dövlətçiliyimizin müdafiəsi naminə hər kəs öz vətəndaşlıq borcunu
layiqincə yerinə yetirməyə çalışmalıdır. Sosial şəbəkələrdə ölkəmizə qarşı
aparılan qarayaxma kampaniyalarına qarşı öz mövqeyini bildirməlidir. Azərbaycanın
milli maraqlarınının, dövlətimizin mənafeyininin
qorunmasında, indiki və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılamasında
təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının Aşağı Ağcakənd
qəsəbəsində təhsil sahəsi üzrə ərazi ilk partiya təşkilatının sədri Nəcəf Həsənov çıxışında
müasir dövrün tələbi olan sosial şəbəkələrdə aktiv fəaliyyət göstərərək
dövlətçiliyimizi müdafiə etməyin vacibliyini qeyd etdi. Xalqımızın tarixinə
qızıl hərflərlə yazılmış Vətən müharibəsinin, həmçinin milli-mənəvi
dəyərlərimizin təbliğ edilməsinin əhəmiyyətindən danışdı. Sonra Lamiyə Qarayeva rayonumuzun ictimai-siyasi
həyatında fəallıq göstərən təhsil işçilərinə Fəxri Fərman təqdim etdi.Təltif olunan ziyalılar onların ictimai-siyasi
mövqeyinə verilən qiymətə görə minnətdarlıqlarını bildirdilər. Dövlətçiliyimizin
möhkəmlənməsi və rayonumuzun inkişafı naminə gördükləri işləri mənəvi borcları
olduğunu ifadə etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.